İQTİSADİYYAT
Qəbələ “Chenot Palace Health Wellness Hotel”i Parisdə yüksək mükafata layiq görülüb






Paris, 17 oktyabr, AZƏRTAC
Parisdə “Chateau de Ferrieres” qəsrində 15-ci “Prix Villegiature 2017” - ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi 21 nominasiya üzrə mükafatlandırma mərasimi keçirilib.
Qəbələ rayonundakı “Chenot Palace Health Wellness Hotel” 6 otel arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyaları üzrə qalib gələrək mükafatlandırılıb.
Tədbirdə “Chenot Palace Health Wellness Hotel”in direktoru Lorenzo Amaglio ölkəmiz və otel haqqında məlumat verib.
Otelin daxili dizayneri Mişel Juanet “Chenot Palace Health Wellness Hotel”in daxili tərtibatından danışıb, Avropanın Azərbaycandan başladığını vurğulayıb.
Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi Tural Rəsulov ölkəmizi yaxından tanımaq və otelin xidmətlərindən bəhrələnmək üçün münsiflər heyətini Azərbaycana dəvət edib.
Qeyd edək ki, “Prix Villegiature” 2003-cü ildə təsis olunub və otelçilik işi üzrə 21 nominasiyada mükafatlar təqdim edir. Mükafatlar 24 jurnalistdən ibarət münsiflər heyətinin səs verməsi yolu ilə müəyyən edilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris