ELM VƏ TƏHSİL
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 7 may, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun əməkdaşlarının bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdən ibarətdir. Əməkdaşlıq çərçivəsində qoruğun peşəkar mütəxəssislərinin təhsil mərkəzində tədris prosesinə cəlb edilməsini təmin etmək nəzərdə tutulur.
Qəbələ Arxeoloji Mərkəzində baş tutan görüşdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev iki müəssisə arasında qarşılıqlı əlaqələrin təcrübə mübadiləsi və ixtisaslı kadrların yetişdirilməsi baxımından böyük əhəmiyyətə malik olmasından və gələcək prespektivlərdən bəhs ediblər.
Daha sonra toplantı iştirakçıları “Qafqaz Albaniyasının paytaxtı Qəbələ” filmini izləyiblər.
Arxeoloji qazıntılardan əldə olunan nümunələrlə tanış olan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezidentin Sərəncamına əsasən Qəbələ Arxeoloji Mərkəzində yaradılmış “Nizami Gəncəvi” guşəsinə baxış keçiriblər. Sonra 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək üçün ərazidə ağacəkmə aksiyasında iştirak ediblər.