REGİONLAR
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “Açıq qapı” günü təşkil olunub
Qəbələ, 18 aprel, Mustafa Dadaşov, AZƏRTAC
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “Açıq qapı” günü təşkil edilib.
Qoruğun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aprelin 18-də qoruğa gələn ziyarətçilər üçün ödənişsiz olaraq ekskursiya xidmətləri göstərilib. Ziyarətçilər qoruğun tarixi əraziləri və bu ərazilərdə aparılmış arxeoloji qazıntılarla, Qəbələ Arxeoloji Mərkəzin sərgi zallarında nümayiş etdirilən arxeoloji tapıntılarla tanış olublar.
Ziyarətçilər, eyni zamanda, Arxeoloji Mərkəzin sərgi salonunda 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar dahi şairin həyat və yaradıcılığına aid kitablarla, dövri mətbuatda dərc olunmuş məqalələrlə, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusu ilə tanış olmaq və mütaliə etmək imkanı əldə ediblər.
Qoruğa gələn ziyarətçilər əməkdaşlarla birgə “Nizami Gəncəvi İli” ilə əlaqədar təşkil olunan ağacəkmə aksiyasında da iştirak ediblər.
“Açıq qapı” günündə qoruğun əməkdaşları və ziyarətçilər tərəfindən koronavirus pandemiyası ilə əlaqədar tələb olunan qaydalara tam şəkildə əməl edilib.