İQTİSADİYYAT
Qəbələ Rayon Məşğulluq Mərkəzi 283 nəfəri işlə təmin etmişdir
Qəbələ, 9 oktyabr (AZƏRTAC). Qəbələ Rayon Məşğulluq Mərkəzi əhalini işlə təmin etmək məqsədilə bütün idarə, müəssisə və təşkilatlarla mütəzəm əlaqə saxlayır, boş iş yerləri barədə məlumat toplayır və işaxtaran vətəndaşların iş yerlərinə göndərişini təmin edır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 9 ayında məşğulluq mərkəzinə 494 nəfər işaxtaran müraciət etmişdir. Onlardan 283 nəfəri öz istəyinə uyğun münasib işlə təmin olunmuş, 25 nəfəri haqqı ödənilən müvəqqəti xarakterli işlərə cəlb edilmiş, 17 nəfərə işsiz müavinəti verilmiş, 17 nəfər “Kompyuter istifadəçisi” kurslarına göndərilmişdir.
İşlə təmin olunanların 50 faizi gənclərdir. Onlar əsasən təhsil və səhiyyə ocaqlarında, turizm, istehsal və xidmət obyektlərində, şirkət və firmaların yerli satış şəbəkələrində, tikinti sahəsində işlə təmin olunmuşlar.
Xatırladaq ki, bu ilin avqustunda keçirilən əmək yarmarkasında vətəndaşlara 30 dövlət, özəl müəssisə və təşkilat tərəfindən 246 boş iş yeri təqdim olunmuşdur. Tədbirdə iştirak edən 465 nəfərdən 95-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş almışdır.