REGİONLAR
Qəbələ məktəbliləri cənub bölgəsinin tarixi məkanları və istehsal müəssisələri ilə tanış olacaqlar
Qəbələ, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları arasında Qəbələ məktəbliləri də var. Noyabrın 13-də rayonun 40 nəfər fəal məktəblisi və onları müşayiət edən şəxslər respublikamızın cənub bölgəsinə yola salınıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən Qəbələ məktəbliləri ilə bir gün əvvəl keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyəti barədə danışıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, layihənin əsas məqsədi şagirdlərin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda əldə edilən sosial-iqtisadi inkişaf, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Diqqətə çatdırılıb ki, məktəblilərə səfər edəcəkləri Lənkəran, Masallı və Astara rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və təbliği istiqamətində həyata keçirilən önəmli layihələr barədə geniş məlumat veriləcək, onlar Azərbaycanın cənub bölgəsinin tarixi məkanları, istehsal müəssisələri ilə tanış olacaqlar. Ətayə Osmanova məktəblilərə tur-aksiya zamanı keçiriləcək intellektual oyunlarda fəallıq göstərmələrini tövsiyə edib.
Tur-aksiya iştirakçılarını yola salmaq üçün noyabrın 13-də Qəbələ şəhərindəki Heydər Əliyev Parkına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər məktəblilərə son tövsiyələrini veriblər.
Tur-aksiya iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon rəhbərliyinin və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.