REGİONLAR
Qəbələdə “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Qəbələ, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə “Qalib Gəncliyimizin Zəfər Kuboku” layihəsi çərçivəsində “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə gənclər arasında rayon birinciliyinə martın 30-da yekun vurulub. Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun dəstəyi ilə keçirilən birincilikdə 10 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Qəbələ şəhər 1 saylı tam orta məktəbdə təşkil olunan yarışın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və İsmayıllı İntellektual Oyunlar Klubunun sədri Azad Manaflı çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin intellektual səviyyəsinin yüksəlməsində belə yarışların əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Yekun nəticələrə əsasən, Məmmədağalı kənd tam orta məktəbin komandası oyunun qalibi adını qazanıb. Sonrakı yerləri Mirzəbəyli kənd və Qəbələ şəhər 1 saylı tam orta məktəblərin komandaları tutublar. Birinciliyin qalibi, eyni zamanda, respublika turuna vəsiqə qazanıb.
İntellektual oyunda fərqlənən komandalara diplomlar təqdim edilib.