REGİONLAR
Qəbələdə şəhidlərin xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Qəbələ, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına uyğun olaraq tam orta məktəblərin yuxarı sinif şagirdləri arasında keçirilən “Şəhidlər ölməz - Vətən bölünməz” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub. Azərbaycanın Milli qəhrəmanlarının və ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması məqsədilə keçirilən müsabiqədə 20 məktəbli iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 6-da Qəbələ Rayon İcra Hakimiyyətinin akt zalında müsabiqənin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov və təhsil şöbəsinin metodisti Aslan Şirazov çıxış edərək, müsabiqənin gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunması, xalqımızın igid oğul və qızlarının qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi məqsədi daşıdığını diqqətə çatdırıblar.
Yekun nəticələrə əsasən, Zalam kənd tam orta məktəbin şagirdi Aytac Ağayeva inşa yazı müsabiqəsinin qalibi adını qazanıb. Qəbələ şəhər 4 saylı tam orta məktəbin şagirdi Lalə Hacıyeva və Yenikənd məktəbinin şagirdi Qönçə Şirinova ikinci yeri, şəhər 2 saylı tam orta məktəbin şagirdi Kənan Mirzəzadə, 3 saylı tam orta məktəbin şagirdi Fidan Cavadlı və Əmirvan kənd tam orta məktəbin şagirdi Aysun Bayramova üçüncü yeri tutublar.
Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.