REGİONLAR
Qəbələdə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər cərimələnib
Qəbələ, 22 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Qəbələ rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir. Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin məcburiliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son günlər rayonda 454 ticarət, həmçinin əhalinin daha çox müraciət etdiyi 385 digər təyinatlı obyektə baxış keçirilib. İctimai yerlərdə vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılıb, sağlamlıqlarının qorunması üçün mövcud qanunlara və sanitar qaydalara riayət edilməsi tövsiyə olunub. Reydlərin nəticəsi olaraq, xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimələnib.
Eyni zamanda, karantin qaydalarını pozan ticarət obyektlərinin sahibləri barəsində də qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.