ELM VƏ TƏHSİL
Qəbul imtahanlarının ikinci cəhdinə qeydiyyat aparılır
Bakı, 18 iyun, AZƏRTAC
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdinə qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində martın 4-17-də və ya aprelin 6-25-də I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.
II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər 20 iyun saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.
İyunun 18-i saat 10:30-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 26 min 921 abituriyent (I qrup - 5991, II qrup 8387, III qrup- 11391, IV qrup - 1152 nəfər), rus bölməsi üzrə 2995 abituriyent (I qrup - 743, II qrup 887, III qrup- 1128, IV qrup - 237 nəfər) olmaqla, ümumilikdə 29 min 916 nəfər ərizəsini təsdiq edib.
Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.