MƏDƏNİYYƏT
“Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” layihəsi davam edir
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Arzular” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək Vətən, torpaq uğrunda tarix yazan, gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs ediblər. Bildirilib ki, 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən qəhrəman şəhidlərimiz heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşayacaq.
Vurğulanıb ki, müasir tariximizə qızıl hərflərlə yazılan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən artıq iki il ötür. 30 il gözlənilən bu möhtəşəm Zəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusunun və xalqının həmrəyliyi nəticəsində əldə olundu. 44 gün davam edən haqq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Sonda tədbir iştirakçıları polkovnik-leytenant Əfqan Abdurrəhmanov, mayor Tofiq Kərimov, tibb xidməti leytenantları Turqut Xəlilbəyli , Adil Əfəndiyev, gizirlər Nicat Səmədov, Təbriz Qasımov, əsgərlər Sərxan Həsənov, Mustafa Babayev, Seymur Mehdiyevə məxsus, muzeyin fondlarında qorunub saxlanılan 120-ə yaxın müxtəlif şəxsi əşyaların yer aldığı sərgi ilə tanış olublar.
Sərgi oktyabrın 10-dək davam edəcək.