İQTİSADİYYAT
“Qərbi Abşeron” yatağında yeni quyular istismara verilib
Bakı, 21 noyabr, AZƏRTAC
“Qərbi Abşeron” yatağında yeni quyular istismara verilib.
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə üç yeni quyu istismar fonduna qəbul edilib. Belə ki, “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 33, 34 və 36 nömrəli quyular qazmadan sonra istismara verilib. 33 nömrəli quyu məhsuldar qat çöküntülərinin Qirməkialtı lay dəstəsindən elektrik dalma nasos üsulu ilə məhsul verib, 718-633 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismara daxil edilib.
34 nömrəli quyu da məhsuldar qat çöküntülərinin Qirməkialtı lay dəstəsindən elektrik dalma nasos üsulu ilə məhsul verib, 712-639 metr intervaldan gündəlik 15 ton neft hasilatı ilə istismara daxil edilib. Həmçinin eyni özüldən 36 nömrəli quyu məhsuldar qat çöküntülərinin Qirməki lay dəstəsindən elektrik dalma nasos üsulu ilə məhsul verib, 747-664 metr intervaldan gündəlik 15 ton neft hasilatı ilə istismara daxil olunub.
Hər üç quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.