İQTİSADİYYAT
Qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb
Bakı, 13 avqust, AZƏRTAC
Bu ilin ilk yeddi ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 457,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu azalma neft sektorunda investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 19 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb. Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 71,1 faizi məhsul istehsalı obyektlərinin, 21,1 faizi xidmət sahələri üzrə obyektlərin, 7,8 faizi isə ümumi sahəsi 1097,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56,6 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 24,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.
Yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, "Bona Dea" Beynəlxalq Hospitalı, "Dinamo" oteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilib. Həmçinin Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhər Mərkəzi Xəstəxanası, Goranboy rayonunda "Region Aqropark", Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq "Dəliməmmədli" elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda "Azərxalça" ASC-nin "Xaçmaz" filialı, Neftçala Sənaye Məhəlləsində "Xəzər" avtomobil zavodu, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, 922 şagird yerlik 3, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı rayonlarında 5816 şagird yerlik 5 ümumtəhsil məktəb binası və sair obyektlər istifadəyə verilib.