CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyinin sədri Fransada işgüzar görüşlər keçirib
Bakı, 23 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) nümayəndələrinin Ümumdünya Assambleyasının Fransada keçirilən 90-cı baş sessiyasında iştirak edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baş sessiyanın açılış mərasimində ÜHST-nin prezidenti, təşkilatın baş direktoru, eləcə də bir çox hökumət və beynəlxalq qurumların nümayəndələrinin çıxışları olub. Sessiyanın ilk günündə heyvan mənşəli xəstəliklərin qarşısının alınması və nəzarəti istiqamətində gələcək strateji addımlar müəyyənləşdirilib. Yüksək səviyyəli panel müzakirəsi, müxtəlif mövzular üzrə fikir mübadiləsi aparılıb və fəxri mükafatların təqdimat mərasimi keçirilib.
Sessiyada heyvan mənşəli xəstəliklərin qarşısının alınması və nəzarəti sahəsində strateji addımlar müəyyənləşdiriləcək, panel müzakirəsi və müxtəlif mövzular üzrə fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin sədri Q. Təhməzli ÜHST-nin baş direktoru Monik Elua ilə görüşüb. Görüşdə Azərbaycanın xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən azad statusunun təsdiqlənməsi, dabaq (FMD) xəstəliyindən azad statusu üçün mərhələli yanaşmanın tətbiq edilməsi və ilkin mərhələdə zonalar müəyyənləşdirməklə sağlamlaşdırma məsələlərinə ÜHST tərəfindən texniki dəstəyin göstərilməsi, eyni zamanda, ÜHST tərəfindən təşkil olunan regional tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi təşəbbüsü üzrə müzakirələr aparılıb.
Görüş zamanı agentliyin sədri bildirib ki, ötən il ölkəmizdə PVS aləti vasitəsilə qiymətləndirmə aparılıb və qiymətləndirmə missiyasının hesabatına quduzluq xəstəliyi ilə əlaqədar xüsusi araşdırma planı daxil edilib. PVS hesabatından irəli gələn məsələlərin icrasına başlanıldığını və bu ilin yanvarında Azərbaycanda, habelə regionda ilk dəfə aviasiyadan istifadə etməklə, vəhşi heyvanlarda quduzluğa qarşı aldadıcı yem vasitəsilə peyvəndləmə aparıldığını bildirən Q.Təhməzli gələcəkdə bu sahədə tədbirlərin regional miqyas almasını məqsədəuyğun hesab edib.
Görüşdə, həmçinin Qida Təhlükəsizliyi İnstitutu ilə ÜHST-nin Elmi Komissiyası arasında əməkdaşlıq əlaqələrinin yaradılması və institutun ÜHST-nin əməkdaşlıq mərkəzi kimi fəaliyyət göstərməsi, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsi üzrə kadr hazırlığının gücləndirilməsi ilə bağlı müvafiq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb.