CƏMİYYƏT


Qida məhsullarının ölkəyə idxalı və laborator müayinəsi media nümayəndələrinə əyani şəkildə nümayiş etdirilib VİDEO

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycana idxal olunan bütün qida məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən risk əsaslı nəzarətə cəlb edilir. Yalnız təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların sərbəst ticarət dövriyyəsinə buraxılmasına icazə verilir. Məqsəd ölkəyə idxal edilən qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin təmin edilməsi, əhalinin sağlamlığının qorunmasıdır.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeyinti məhsullarını ölkəyə idxal etmək istəyən sahibkarlar, ilk növbədə, qida təhlükəsizliyi sertifikatı almaq üçün agentliyə müraciət edirlər.

Oktyabrın 29-da Qida Təhlükəsizliyi Agentliyinin jurnalistlər üçün təşkil etdiyi infotur çərçivəsində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə məhsul gömrük ərazisinə daxil olduqdan sonra gömrük orqanı və agentlik əməkdaşları tərəfindən məhsullara birgə baxış keçirilib, onların idxal prosesi media nümayəndələri ilə birgə izlənilib.

Məlumat verilib ki, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Burada üç meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Əvvəlcə məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır, sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilən məhsulla faktiki idxal olunan məhsulların eyniliyi yoxlanılır. Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir.

Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədikdə məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur.

Ümumiyyətlə, Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunub və həmin avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir. Eyni zamanda qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq tələblərə uyğun həssaslıq və dəqiqliklə həyata keçirilir.

Laboratoriyada qida məhsullarının mikrobioloji və molekulyar bioloji göstəriciləri ən yeni texnologiya olan Real Zamanlı Polimeraza Zəncirvarı Reaksiya cihazında yoxlanılır.

Bütün bunlar əhalinin sağlamlığının qorunması, yalnız keyfiyyətli və təhlükəsiz qida məhsullarının idxal edilməsi, eləcə də ölkədə istehsal olunan məhsulların ixrac potensialının yüksəlməsinə imkan verir.

Media nümayəndələri ilə keçirilən infotur çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida məhsullarının idxal prosesi haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.