CƏMİYYƏT
Qızılağac Milli Parkı ərazisində icazəsiz ov etmək istəyən şəxs parkın əməkdaşlarına atəş açıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən parkın əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçıb. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
İcazəsiz əraziyə daxil olmuş şəxsin saxlanılması məqsədilə reyd keçirilərkən milli park əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyer mühafizə yegerləri Arif Cəfərov və Böyükkişi Qaraşova bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb. Yegerlər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Faktla bağlı rayon polis şöbəsinə məlumat verilib.
Aparılan araşdırmalar nəticəsində mühafizə yegerlərini yaralayaraq hadisə yerindən qaçmış brakonyerin Masallı rayonunun Köçəkli kənd sakini İlqar Səmədov olduğu müəyyən edilib və o, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı təhqiqat aparılır.