MƏDƏNİYYƏT
Qobustan Milli Tarix-Bədii Qoruğunda elmi-tədqiqat işləri davam edir
Bakı, 17 avqust, AZƏRTAC
Qobustan Milli Tarix-Bədii Qoruğunun xarici tərəfdaşlarla müştərək elmi-tədqiqat layihələri davam edir.
AZƏRTAC xəbər verir ki, bu yöndə növbəti layihələrdən biri “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsidir.
Layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən "Ana zağa” və “Ovçular” mağaraları, o cümlədən dağın aşağı səki sahəsində yerləşən səkkiz nömrəli qaya üzərindəki təsvirlər, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğunda qorunub saxlanılan arxeoloji materiallar müasir elmi metodlarla öyrənilir.
Layihənin icrası Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqinə və qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirilməsinə xidmət edəcək.
Layihədə Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti, İspaniya), Manuel Vaquero Rodriges (Rovira və Virgili Universiteti, İspaniya), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti, İspaniya), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak edir.
Qoruq əməkdaşları Günay Verdiyeva Turan Yunus və Rəfael Bəkirov tədqiqatlara köməkçi qismində cəlb olunublar.