REGİONLAR
Qobustanın Şıxzahirli kəndinə təbii qaz verilib
Qobustan, 11 dekabr, AZƏRTAC
Qobustan rayonunun iri yaşayış məntəqələrindən olan, 2042 nəfərin yaşadığı Şıxzahirli kəndinə təbii qaz verilib. Kəndin qazlaşdırılması zamanı 11 min 219 metr polad borularla xətt çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşayış məntəqəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın 11-də kənddə açılış mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov və Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov mərasimdə çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdəki sürətli inkişafdan, regionlarda, o cümlədən Qobustan rayonunda həyata keçirilən sosial layihələrdən danışıblar.
Qeyd olunub ki, artıq Qobustanda 23 yaşayış məntəqəsi qazlaşdırılıb, əhalinin 97 faizi “mavi yanacaq”la təmin edilib.
Açılış mərasimində kənd ağsaqqalları, ziyalılar çıxış edərək bölgələrin sosial-iqtisadi inkişafına, sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə təbii qaz verilib.