SİYASƏT
Qondarma “Dağlıq Qarabağ respublikasının prezidenti” barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 15 maddəsi ilə cinayət işi başlanıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Qondarma “Dağlıq Qarabağ respublikasının prezidenti” Arayik Arutunyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15 maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin düşmən ordusunun Gəncəni atəşə tutması ilə əlaqədar verdiyi bəyanatda qeyd olunub.
Baş prokurorun bəyanatında vurğulanıb ki, qondarma “Dağlıq Qarabağ respublikasının prezidenti” Arayik Arutunyanın tapşırığı əsasında oktyabrın 4-də saat 10 radələrində Cenevrə Konvensiyasının tələbləri pozularaq, cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub. Əldə olunan məlumata əsasən, Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub.
Qondarma “Dağlıq Qarabağ respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir. Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət ediləcək.