CƏMİYYƏT
Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri Şuşada güllələnmiş heykəlləri ziyarət ediblər
Şuşa, 29 iyul, Elmir Səftərov, AZƏRTAC
İyulun 29-da Qoşulmama Hərəkatının Gənclər Sammiti işini Şuşa seqmenti ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gəncləri iclasdan sonra Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.
İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.