REGİONLAR
Qubada 7 məktəbə 200-dən çox parta verilib
Quba, 20 dekabr, Elxan Yusifli, AZƏRTAC
Bu il Qubada 8 modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb. 40 şagird yerlik Alıc və 56 şagird yerlik Kürkün kənd məktəbləri isə artıq şagirdlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şəhər 7 saylı tam orta məktəbdə şagirdlərlə görüşü zamanı bildirib.
Məktəbin yeni inventarlarla təmin olunması münasibətilə keçirilən görüşdə qeyd edilib ki, son bir ildə rayon icra hakimiyyəti tərəfindən 7 ümumtəhsil məktəbinə 200-dən çox parta hədiyyə olunub.
Çıxış edənlər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinin təhsilin səviyyəsinin daha da yüksəlməsinə şərait yaratdığını vurğulayıblar.
Qeyd edək ki, Quba rayonunda 135 ümumtəhsil məktəbi fəaliyyət göstərir.