REGİONLAR
Qubada Çağacıq çayı üzərində inşa olunan körpü istifadəyə verilib
Quba, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 5-də Quba rayonunun Xanəgah kəndində Çağacıq çayı üzərində inşa olunan avtomobil körpüsü sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xanəgah kəndini iki hissəyə ayıran çayın üzərindəki körpünün eni 6, uzunluğu isə 12 metrdir.
Körpünün açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən danışıblar.
Bildirilib ki, Çağacıq çayı üzərində yeni körpü tikilməmişdən əvvəl sakinlər kəndin bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirdilər. Yeni körpüdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə piyada səkiləri qurulub. Bununla da piyadaların, həmçinin məktəbə gedən şagirdlərin də körpüdən asanlıqla keçməsi təmin edilib.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.