REGİONLAR
Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub VİDEO
Quba, 22 may, Elxan Yusifli, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş binanı rabitə xidmətləri ilə təmin edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Molla Pənah Vaqif küçəsində yerləşən dördmərtəbəli, 36 mənzilli binaya 1300 metr məsafədə yerləşən elektron ATS-dən müxtəlif tipli kabellər çəkilib. Görülmüş işlər nəticəsində əvvəllər simsiz CDMA telefon rabitəsindən istifadə edən qazilər və şəhid ailələri hazırda REMUT tipli elektron ATS vasitəsilə telefon və internet xidmətlərindən faydalana biləcəklər.
“Aztelekom” MMC-nin departament direktoru Elçin Cabbarov bildirib ki, regionlarda İKT infrastrukturunun təkmilləşdirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın təmin olunması üçün bir sıra layihələr həyata keçirilir. Bu istiqamətdə aparılan işlər Quba rayonunda da davam etdirilir.
“Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlarımız, şəhid ailələri daim dövlətimizin diqqəti və qayğısı ilə əhatə olunurlar. Bu qayğının kiçik bir hissəsi olaraq Quba rayonunda onlar üçün inşa edilən binada müasir texnologiyalar tətbiq edilməklə, yüksəksürətli internet və fasiləsiz rabitədən istifadə imkanı yaradıldı. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə daim xoş xəbərlər eşitməklərini arzulayırıq”, - deyə E.Cabbarov söyləyib.
Binanı telefon və internet xidmətləri ilə təmin edən elektron ATS-in mövcud tutumunun 288 nömrədən 336 nömrəyə çatdırılması nəzərdə tutulub.