REGİONLAR
Qubada “Tramadol” satan şəxslər saxlanılıb VİDEO
Quba, 3 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində dövriyyəsi qanunla qadağan edilmiş güclü təsiredici maddə olan “Tramadol” həblərinin qanunsuz olaraq satışında şübhəli bilinən Qırmızı qəsəbə sakini Arsen Abramovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı A.Abramov həmin güclü təsiredici maddələri Şikar adlı şəxsdən əldə etdiyini bildirib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub. Həmin şəxs izahatında A.Abramovla tanışlığı olduğunu və həbləri ona satdığını etiraf edib.
Hər iki şəxsdə “Tramadol” həbləri aşkarlanıb.
Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.