REGİONLAR
Qubada Vətən müharibəsi iştirakçıları və şəhid döyüşçülərin ailə üzvlərinə medallar təqdim olunub
Quba, 26 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada Vətən müharibəsi iştirakçıları və şəhid döyüşçülərin ailə üzvlərinə medallar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərindəki Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan mərasimdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və rayon ziyalıları iştirak edib.
Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Tariyel İbrahimov bildirib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsi daim yaddaşlarda qalacaq. Uzun illərdir işğal edilən torpaqlarımız məhz onların göstərdiyi şücaət nəticəsində azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüşlərdə ordumuz şəhidlərimizin qanını yerdə qoymadı.
Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdığını qeyd edib. Bildirilib ki, 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində əzici qələbə qazanılıb. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurub. Döyüşlərdə bütün dünyaya Azərbaycan xalqının əzmi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti nümayiş etdirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirin sonunda Vətən müharibəsi iştirakçıları və şəhid döyüşçülərin ailə üzvlərinə medallar təqdim edilib, xatirə fotosu çəkilib.