REGİONLAR
Qubada ayrı-seçkiliklə mübarizə mövzusunda treninq-seminar başa çatıb
Quba, 30 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 30-da Qubada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Avropa Şurası və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” mövzusunda maarifləndirici treninq-seminar başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən treninq-seminara Ombudsman ofisinin işçi heyəti, Quba regional mərkəzinin əməkdaşları, yerli icma və azlıqların nümayəndələri olmaqla, ümumilikdə, 30 nəfərə yaxın iştirakçı cəlb olunub.
Seminarın ikinci günündə iştirakçılar “Azərbaycan Respublikasında ayrı-seçkiliklə mübarizədə hüquqi müdafiə mexanizmlərinə dair təcrübələr haqqında təqdimat” və “Həssas qrupları təmsil edən ayrı-seçkilik qurbanları ilə adekvat iş”, həmçinin “Qiymətləndirmə və sonrakı fəaliyyət; ayrı-seçkilikdə mübarizə məqsədilə tərəfdaşlığın gücləndirilməsi” mövzularında maarifləndirilib.
Təlimlərin əsas məqsədi ayrı-seçkilik əleyhinə Avropa standartları və onların tətbiqi qaydasının təqdim edilməsi, həmçinin Ombudsman aparatı və regional mərkəzlərin əməkdaşlarının aparatın ayrı-seçkiliklə mübarizə mandatının tətbiqində, eləcə də hədəf qrupları və ayrı-ayrı qurbanlarla iş qaydası ilə bağlı bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, seminarın ilk günündə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, eləcə də beynəlxalq ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.