REGİONLAR
Qubada məktəblilər narkotiklərə qarşı mübarizə tədbirləri haqqında maarifləndirilib
Quba, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qəçrəş kənd tam orta məktəbində “Narkotikə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, karantin qaydalarına uyğun təşkil edilən tədbirdə polis əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şagirdlərlə görüşdə çıxış edən Quba Rayon Polis Şöbəsinin rəis müavini Rüstəm Hüseynov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin 2021-ci ilin əvvəlindən bu günə kimi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
“Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edən polis polkovnik-leytenantı Rüstəm Hüseynov gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin keçirildiyini vurğulayıb.