REGİONLAR
Qubada şəhid Orxan Cabarovun xatirəsi əbədiləşdirilib
Quba, 29 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubanın Davudoba kəndində şəhid Orxan Cabarovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Tədbirdə çıxış edənlər gizir Orxan Cabarovun döyüş yolundan, onda olan yüksək vətənpərvərlik hisslərindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Orxan Cabarov Zəfərlə başa çatan Vətən müharibəsində Cəbrayıl və Füzuli cəbhələrində qəhrəmanlıqla döyüşüb. Göstərdiyi şücaətə görə 4 medalla təltif olunub.
Qəhrəman döyüşçü 2021-ci il noyabrın 16-da Kəlbəcər rayonu istiqamətində erməni təxribatının qarşısı alarkən şəhidlik zirvəsinə ucalıb.
Sonra şəhid Orxan Cabarovun Vətən müharibəsində layiq görüldüyü medallar ailəsinə təqdim edilib.
Mərasimdə çıxış edən şəhid anaları ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, kompleksin tikintisində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər.