REGİONLAR
Qubada tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub VİDEO
Quba, 19 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 19-u Qəçrəş kəndində təşkil olunan bayram tədbirində tatarların milli musiqi və rəqsləri, Azərbaycan və tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edilib.
Mərasim Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Tatarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov çıxış edərək Qubanın son illər keçdiyi inkişaf yolundan, buradakı tolerantlıq mühitindən söz açıb. Bildirilib ki, “Sabantuy” bayramının Azərbaycanda ənənəvi olaraq qeyd edilməsi xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisidir.
Bayram şənliyində çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzinin sədri Diyaz Əhmədcanov, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov xalqlarımız arasındakı dostluq münasibətlərini yüksək qiymətləndiriblər. Ölkəmizdəki multikultural şərait, tolerantlıq dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin bariz nümunəsi kimi dəyərləndirilib. Qeyd edilib ki, “Sabantuy”un Azərbaycanda keçirilməsi bunun əyani sübutudur.
Bayram tədbirində tatar estradasının tanınmış nümayəndələri populyar tatar mahnıları, özfəaliyyət kollektivləri isə milli folklor nümunələri ilə çıxış ediblər. Pəhləvanlar tatarların milli güləş növü olan kureşdə güclərini sınayıblar.
Ümumdünya Tatarlar Konqresi, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Bakıdakı Rus Evinin dəstəyi ilə keçirilən bayram tədbirinin təşkilatçısı “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzidir.