REGİONLAR
Qubadlının Çaytumas məktəb-liseyində yeni dərs ilinin ilk zəngi səslənib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Qubadlı rayon Çaytumas məktəb-liseyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə ölkə təhsilinin inkişafına diqqət və qayğı ilə yanaşdığını bildirib, müəllim əməyinə böyük önəm verdiyini vurğulayıb. “Bu siyasət bu gün də davam etdirilir. Prezident İlham Əliyev təhsil sahəsinə qayğı ilə yanaşır”, - deyən M.İsaqov qeyd edib ki, məktəb binalarının tikintisi və təmiri, təhsil ocaqlarının inventarla təchizatı, müəllimlərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması, bir sözlə müasir təhsil infrastrukturunun yaradılması dövlətimizin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.
Qubadlı rayon məktəblərinin uğurlarından bəhs edən M.İsaqov deyib: “Rayon üzrə 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 18-i yeni tikilib, 14-ü əsaslı təmir olunub. Eyni zamanda, 2018-2019-cu tədris ilində Abşeron rayonu St.Sumqayıt ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta və şəhər 4 saylı tam orta məktəbləri yeni binalarda fəaliyyətə başlayıb. 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilir. Bu il rayonumuzun Çaytumas kənd məktəb-liseyi və Xocahan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100 faiz nəticə göstərib. Belə ki, Çaytumas məktəb-liseyində məktəbi bitirən 34 məzunun, Xocahan tam orta məktəbində isə ali məktəblərə sənəd verən 16 məzunun hamısı tələbə adını qazanıb. Cari ildə 442 məzundan 386 nəfəri sənəd verib və onlardan 297 nəfəri ali məktəblərə qəbul olub. Qəbul imtahanlarında iştirak edən 42 məzun 500-600 arası, 12 məzun isə 600-700 arası bal toplayıb. Bu il rayonumuz üzrə qəbul faizi 77 faiz təşkil edir. Bütün bunlar Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri uğurlu təhsil siyasətinin nəticəsidir”.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil məktəbləri tikilir. Bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir.
Natiqlər bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək, hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayıblar.
Sonra “İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlanıb.