REGİONLAR
Qubanın alma bağlarında bu ilin ilk məhsulu yığılır VİDEO
Quba, 30 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubalı bağbanlar avqustun ikinci ongünlüyündən etibarən alma bağlarından bu ilin ilk məhsulunun yığımına başlayıblar. Rayon bağlarında kütləvi alma yığımına isə sentyabrın 15-dən sonra başlanacaq.
AZƏRTAC xəbər verir ki, hazırda “Slava pobeditelyam”, “Qrandşteyn”, “Anis” və digər tezyetişən alma sortlarının yığımı yekunlaşmaq üzrədir. Yığılan meyvə yerli və paytaxt bazarlarında, eləcə də respublikamızın digər bölgələrində satılır.
Uzun illərdir meyvəçiliklə məşğul olan Əlfəddin Məhəmmədovun 1 hektar alma bağı var. Ötən il həmin bağdan 30 ton məhsul yığıb. Fermer alma bağlarında məhsuldarlığın ötən illə müqayisədə nisbətən aşağı olduğunu bildirir. Təsərrüfatçılar hazırda toplanan məhsulun bir kiloqramını 40-50 qəpiyə satırlar.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət Qurbanov AZƏRTAC-a müsahibəsində bildirib ki, şimal bölgəsində tezyetişən alma sortları ümumi meyvə bağlarının çox cüzi hissəsini təşkil edir. Quba-Xaçmaz zonası üzrə ümumilikdə 22 min 32 hektar alma bağı mövcuddur. Bunun 13 min 472 hektarı Quba rayonunun payına düşür.