MƏDƏNİYYƏT
“Qürbətdən gələn məktublar” maraqla qarşılanıb
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-diplomat Həsən Həsənovun “Qürbətdən gələn məktublar” əsəri əsasında səhnələşdirilmiş eyniadlı ikihissəli dram-tamaşa növbəti dəfə nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Xalq Artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanıb. Tamaşanın quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Vəfa Rzayeva, Əjdər Həmidov, Elşən Cəbrayılov və Elçin Əfəndi ifa edib. Səhnə əsərində Mirzə Fətəli Axundzadənin obrazını Xalq Artisti Ramiz Məlik canlandırıb.
Günümüzlə səsləşən tamaşa M.F.Axundzadənin oğlu Rəşidin həyatından, onun ailəsi və cəmiyyət qarşısında olan vəzifələrindən bəhs edir.
Qeyd edək ki, tamaşa ilk dəfə teatrın səhnəsində 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə Xalq Artisti Əliabbas Qədirov, sonra isə İlham Əsgərov canlandırıb.