REGİONLAR
Qusara 200 minə yaxın turist gəlib
Qusar, 10 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonun sosial-iqtisadi inkişafında turizmin xüsusi rolu var. Ölkəmizdə bu sahənin inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə Qusara gələn turistlərin sayı 2016-cı illə müqayisədə iki dəfə artaraq 196 min nəfərə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 10-da Qusarda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və fəallar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.
Sonra hesabat yığıncağının keçirildiyi Mədəniyyət sarayının foyesində bölgədə istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub. Qonaqlara istehsal sahələri və müəssisələri barədə məlumat verilib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb.
Bildirilib ki, 2017-ci ildə Qusar rayonunda sahibkarlığın, turizmin, kənd təsərrüfatının və digər sahələrin inkişaf etdirilməsi, sosial məsələlərin, sakinlərin mənzil-məişət problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Hesabat ilində rayon iqtisadiyyatının müxtəlif sahələrinə 55 sahibkarlıq subyekti üzrə böyük həcmdə özəl investisiyalar qoyulub. Rayonun kənd təsərrüfatına qoyulan investisiyalar əsasən yeni meyvə bağlarının salınmasına, müasir suvarma sistemlərinin qurulmasına, kənd təsərrüfatı texnikasının və aqreqatlarının alınmasına, soyuducu meyvə anbarlarının tikintisinə, maldarlıq və quşçuluq təsərrüfatlarının yaradılmasına yönəldilib. Sahibkarlar tərəfindən kənd təsərrüfatı ilə yanaşı, turizmin inkişafına xidmət edən otel, restoran, istirahət mərkəzlərinin, eləcə də ticarət və xidmət obyektlərinin inşası və genişləndirilməsi üzrə reallaşdırılan layihələr nəticəsində 1129-u daimi olmaqla, 1337 yeni iş yeri açılıb.
Məruzədə qeyd olunub ki, kənd təsərrüfatının, xüsusilə bağçılığın inkişaf etdirilməsi ilə bağlı aparılan tədbirlər sayəsində 2016-cı ilin payız aylarında rayonda 2 min 6 hektar, 2017-ci ilin yaz-payız aylarında isə daha 931 hektar olmaqla, cəmi 2 min 937 hektar sahədə yeni fındıq bağları salınıb.
Hesabat dövründə Qusar-Xudat avtomobil yolunun ilk 15 kilometrlik hissəsində əsaslı təmir işləri aparılaraq, yolun hərəkət hissəsi genişləndirilib və asfalt döşənib. Rayonda Əniğ və Suvacal kəndlərinin qazlaşdırılması başa çatdırılıb.
Məruzədə Qusar rayonunda təhsil müəssisələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsi sahəsində görülən işlər barədə də məlumatlar öz əksini tapıb. Bildirilib ki, yeni tədris ilində Zuxul, Avaranqışlaq, Üzdənoba, Nəcəfkənd və Qılahoba kəndlərində modul tipli yeni məktəb binaları quraşdırılaraq istifadəyə verilib. Suduroba kəndində isə modul tipli məktəbin quraşdırılması davam etdirilir.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı Azər Badamov hesabat yığıncağında çıxış ediblər. Çıxışlarda Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açılıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.