REGİONLAR
Qusarın Quxuroba kəndində 460 şagird yerlik məktəb binası əsaslı təmir olunub VİDEO
Qusar, 12 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 12-də Qusar rayonunun Quxuroba kənd tam orta məktəbi əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı təmir işləri aparıldıqdan sonra məktəbdə 460 şagirdin təhsil alması üçün lazımi şərait yaradılıb.
Tamamilə yenidən qurulan üçmərtəbəli məktəb binası müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərir.
Açılış mərasimində Təhsil Nazirliyinin ümumi təhsilin məzmunu, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, 2 saylı Ərazi və Maliyə Hesablaşma Mərkəzinin rəisi Şahin İsrafilov, Qusar Rayon Təhsil Şöbəsinin müdiri Yüzbəy Abuyev və məktəb direktoru iştirak ediblər.
Məktəbin direktoru Rasid Tahirov bildirib ki, 1989-cu ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yararsız idi. Əsaslı təmirdən sonra təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.