RABİTƏÇİLƏR AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNÜ QEYD ETMİŞLƏR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim keçirilmişdir. Mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov erməni millətçilərinin hələ ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin zaman-zaman davam etdirildiyini bildirmişdir. O, ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə martın 31-nin xalqımızın tarixinə soyqırımı günü kimi daxil olduğunu, bu günün təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edildiyini diqqətə çatdırmışdır.
Mərasimdə azərbaycanlıların soyqırımı ilə əlaqədar tarixi faktlara əsaslanan geniş məruzə dinlənilmiş, erməni vəhşilikləri barədə çıxışlar səslənmişdir.
Vurğulanmışdır ki, hər bir azərbaycanlı məkrli erməni siyasətinə qarşı barışmaz mövqe tutmalı, tarixin dərslərini unutmamalı, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşməlidir.
Xəbərin mətnində orfoqrafik səhv var