İQTİSADİYYAT
RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASINDA YARIMİLLİK YEKUNLAR MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclası giriş sözü ilə nazir, akademik Əli Abbasov açmış, nazirlik aparatının rəhbəri Vidadi Zeynalov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, hesabat dövründə sahə üzrə gəlirlər keçən ilin altı ayındakına nisbətən 35,7 faiz artaraq, 700,4 milyard manat təşkil etmişdir. Altı ayda 26 min 500 nömrəlik yeni ATS-lər, 23 poçt binası, müxtəlif gücə malik 25 televiziya vericisi istifadəyə verilmiş, sahəyə 30,1 milyard manat sərmayə qoyulmuş, 396 yeni iş yeri açılmış, qaçqın və məcburi köçkünlərə 826,4 milyon manatlıq yardım göstərilmişdir. Struktur bölmələrində əmək haqqı 15 faizdən çox artırılmışdır. Hazırda nazirlik üzrə ən aşağı maaş 200 min, ən yüksək maaş 1 milyon 860 min manat, orta aylıq əmək haqqı isə 578 min manatdır. Rəqəmsal texnologiya və avadanlığın tətbiqi davam edir. Artıq şəbəkədə simsiz İnternet tətbiq edilmiş, “Aztelekom” İstehsalat Birliyi, tədris mərkəzi, Gəncə Telekommunikasiya İdarəsi, Şəki, Lənkəran, Quba, Göyçay, Sumqayıt telekommunikasiya qovşaqları videokonfrans rabitəsinə qoşulmuş, Bakı şəhər telefon şəbəkəsi və Abşeron rayonunun ATS-ləri 7 rəqəmli nömrələmə sisteminə keçmiş, rayon mərkəzlərinin tam elektronlaşması işi davam etdirilir, Salyan-Əli Bayramlı, Ələt-Əli Bayramlı-Hacıqabul fiber optik kabel magistralının tikintisinə başlanmışdır.
Məruzədə və müzakirələr zamanı struktur rəhbərlərinin çıxışlarında ayrı-ayrı sahələr geniş təhlil edilmiş, problem və çatışmazlıqlardan danışılmış, onların aradan qaldırılması yolları göstərilmişdir. Rabitəçilərin yekdil rəyinə görə, işdə sərbəstlik və məsuliyyət, “Müştəri haqlıdır” prinsipi üstün tutulmalıdır.
Məlumat-hesablama mərkəzinin 30 illiyi ilə əlaqədar qurumun bir qrup əməkdaşına Fəxri fərman, direktor müavini Nazim Mədədova isə fəxri “Rabitə ustası” adı verilmişdir.
Kollegiyanın işi İnternet və 8 videokonfrans vasitəsilə translyasiya edilmişdir. Yeri gəldikcə, Gəncə, Saatlı, Biləsuvar, Quba telekommunikasiya qovşaqlarının və poçt xidmətlərinin rəhbərləri iclas iştirakçılarını maraqlandıran məsələləri şərh etmişlər.