RAMAZAN BAYRAMINIZ MÜBARƏK!
AzerTAg.az
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlərim, müsəlman qardaş və bacılarım!
Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, ibadətlərinizin qəbul, dualarınızın müstəcəb olmasını Cənabi-Haqqdan diləyirəm.
Bu gün müsəlman qardaş və bacılarımızın Allaha ibadət yolunda bir aylıq səfərləri başa çatmışdır. Ramazan orucu tutanların hamısı indi xüsusi sevinc, könül xoşluğu, razılıq duyğusu, mənəvi rahatlıq keçirir.
Ümidvarıq ki, Ramazan orucu hər birinizi təmizliyə, paklığa, dözümlülüyə yönəltmiş, günahdan, haramdan, nifaqdan çəkinməyə alışdırmışdır.
Əsrlər boyu Ramazan bayramı günündə qohum-əqrəbanın, valideynlərin ziyarətinə gedilib, küsülülər barışıb, yetim və kimsəsizlərə şəfqət göstərilib, əbədi aləmə köç edənlərin qəbirlərinə baş çəkilib. Arzu edərdik ki, Ramazan bayramı qardaşlıq duyğularının canlanmağına, milli birlik və bərabərliyimizin möhkəmlənməyinə bir vəsilə olsun.
Xalqımız və dövlətimizin taleyində yeni, sabahı nurlu dövrə qədəm qoyulması builki Ramazan ayını xüsusilə yaddaqalan etdi. Azərbaycan xalqının azad, müdrik, uğurlu seçimi sayəsində müqəddəratı layiqli əllərə etibar olundu.
Biz inanırıq ki, müqəddəs Ramazan ayında işə başlayan, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev yolunun davamçısı Prezident İlham Əliyevin fəaliyyəti, O Bir Olan Yaradanın mərhəmət və məğfirəti sayəsində Azərbaycan xalqının əmin-amanlığını, xeyir-bərəkətini, ülvi arzularının gerçəkləşməsini təmin edəcəkdir.
Bir daha ən səmimi duyğularla müqəddəs Ramazan bayramı münasibətilə hamınızı təbrik edir, hər bir ailəyə rifah, firavanlıq və səadət diləyirəm.
Allah oruc-namazınızı qəbul, bu əziz gündə etdiyiniz duaları müstəcəb etsin.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh!
Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin
sədri
Xəbərin mətnində orfoqrafik səhv var