ELM VƏ TƏHSİL
RESPUBLİKANIN ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ SƏNƏD QƏBULUNUN 2-Cİ MƏRHƏLƏSİ BAŞLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, sənədlər avqustun 18-dən 28-dək hər gün (şənbə və bazar günləri də daxil olmaqla) saat 9–dan 18-dək orta ixtisas məktəblərində yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK) qəbul ediləcəkdir.
Abituriyentlər sənədlərini istənilən orta ixtisas məktəbində yaradılmış SQK-ya təqdim edə və ərizələrində seçdikləri qrupa daxil olan istənilən ixtisasları göstərə bilərlər.
SQK-ya orta təhsil haqda sənədin əsli, şəxsiyyət vəsiqəsi və ya pasport (16 yaşı 2003-cü ilin avqustun 1-dək tamam olmayanlar doğum haqqında şəhadətnamənin əslini), hamısı eyni olmaq şərtilə yeni çəkilmiş 3x4 ölçüdə 4 fotoşəkil təqdim edilməlidir.
Qarşısında ulduz işarəsi olan xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçən abituriyentlər avqustun 18-dən 26–dək seçdikləri xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasların aid olduğu texnikumların hər birində qabiliyyət imtahanında iştirak etməli, avqustun 28-dək qabiliyyət imtahanı verdiyi texnikumlardan birində ərizə forması doldurulmalıdırlar.
Abituriyentlərə xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasların da kodlarını seçmək imkanı verilir.
Qabiliyyət imtahanının nəticələri “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir.
Qabiliyyət imtahanından “qeyri-məqbul” alan abituriyentlər ərizələrində yalnız xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərə bilərlər.
İxtisaslar üzrə müsabiqə yalnız test imtahanından toplanılan ballar əsasında aparılır.
Orta ixtisas məktəblərinin “xarici dil (ingilis dili)” ixtisaslarını seçən abituriyentlər həmin texnikumlarda avqustun 18-dən 25–dək ingilis dili üzrə müsahibədən keçməlidirlər. Əks halda, onların həmin ixtisasları nəzərə alınmır.
Bu il 51 dövlət və 4 qeyri–dövlət orta ixtisas məktəbinin 819 ixtisası üzrə 9717 plan yeri ayrılmış, onlardan 2996 yer 1-ci mərhələdə dolmuşdur. Sənəd qəbulunun 2-ci mərhələsinə 6721 yer qalmışdır. Onlardan 5795 yer dövlət, 926 yer isə qeyri- dövlət orta ixtisas məktəblərindədir. Dövlət orta ixtisas məktəblərinin 3463 plan yeri ödənişli əsaslarladır. Plan yerlərinin 3956-sı Azərbaycan, 602-si isə rus bölməsinin payına düşür, 2163 yerə isə birgə müsabiqə keçiriləcəkdir.
Orta ixtisas məktəblərinin siyahısı, qəbul qaydaları, elanı, “Abituriyentin ərizəsi” formasının doldurulma qaydası, ixtisas kodları “Abituriyent” jurnalının 10-cu nömrəsində dərc olunmuşdur. Orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulu ilə bağlı məlumatlarla TQDK – nın İnternet saytında da tanış olmaq mümkündür: www.tqdk.gov.az