SİYASƏT
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
Moskva, 23 aprel, AZƏRTAC
Kamran İmanovun rəhbərlik etdiyi Azərbaycan Əqli Mülkiyyət Agentliyi postsovet məkanında öncül mövqedədir.
Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznets “Rəqəmsal transformasiya: Fokusda IP-dir” mövzusunda beynəlxalq konfrans çərçivəsində AZƏRTAC-ın müxbirinə müsahibəsində bu barədə danışıb.
İ.Bliznets qeyd edib ki, Azərbaycan Əqli Mülkiyyət Agentliyi bütövlükdə əqli mülkiyyət sahəsi ilə bağlı fəal siyasət yürüdür. O deyib: “Azərbaycan birincilər sırasında əqli mülkiyyət strategiyası qəbul edib, birincilər sırasında əqli mülkiyyətə aid bütün məsələlərin bir yerdə cəmləşdiyi idarə yaradıb. Bu, çox dəyərli faktdır. Rəqəmsal dövrdə həm ixtira müəlliflərinin qorunmasına, həm də müəlliflik hüququnun digər obyektlərinin qorunmasına yönəlmiş səylərin bir idarədə cəmləşdirilməsi çox vacibdir. Biz Azərbaycan Əqli Mülkiyyət Agentliyində aparılan işi bəyənirik və dəstəkləyirik”.
“Rəqəmsal transformasiya: Fokusda IP-dir” mövzusunda beynəlxalq konfrans aprelin 23-24-də Moskvada keçirilir. Konfransda ölkəmizi Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov təmsil edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva