SİYASƏT


RF XİN: Rusiya Bakı və Yerevan arasında siyasi dialoqun nizamlanmasına Türkiyə ilə birlikdə fəal kömək etməyə hazırdır

Moskva, 30 iyul, AZƏRTAC

Rusiya Bakı və Yerevan arasında siyasi dialoqun nizamlanmasına Türkiyə ilə birlikdə fəal kömək etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti rəhbərinin müavini Aleksey Zaytsev bu fikri Moskvada brifinqdə söyləyib.

O deyib: “Bizə dost olan Ermənistan ilə Azərbaycanın sərhədində vəziyyətin bu yaxınlarda kəskinləşməsi Rusiyada böyük həyəcana səbəb olub. Biz əminik ki, beynəlxalq arenada mövcud olan hər hansı başqa fikir ayrılıqları kimi uzun illər boyu davam edən Dağlıq Qarabağ münaqişəsini də yalnız dinc vasitələrlə, diplomatik danışıqlar yolu ilə həll etmək lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ və Fransa, habelə BMT, MDB və digər beynəlxalq təşkilatlarda da bizim mövqeyimizə şərikdirlər”.

RF XİN-in rəsmi nümayəndəsi xatırladıb ki, Rusiya rəhbərliyi, o cümlədən regiondakı əsas tərəfdaşları ilə operativ qarşılıqlı əlaqə yolu ilə sərhəddə vəziyyətin yenidən gərginləşməsinə yol verməmək üçün hər cür səy göstərib. A.Zaytsev daha sonra deyib: “Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bu günlərdə azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışıqları zamanı biz bir daha Bakı və Yerevan tərəfindən hər hansı yanaşmanın dəstəklənəcəyinə əmin olduq, Cənubi Qafqazda və konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında cari vəziyyəti Türkiyə tərəfi ilə dövlət başçıları səviyyəsində iyulun 27-də, Xarici İşlər nazirləri səviyyəsində isə iyulun 23-də ətraflı müzakirə etdik”.

O vurğulayıb ki, Rusiya və Türkiyə regionda hadisələrin təhlükəli inkişafı ilə əlaqədar ciddi narahat olduqlarını bildirir, problemlərin beynəlxalq hüquq prinsipləri, habelə Azərbaycan və Ermənistan xalqlarının mənafeləri əsasında siyasi-diplomatik həllinin alternativi olmadığını əsas götürürlər.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti rəhbərinin müavini sonda deyib: “Biz bundan sonra da tərəfdaşlarımızla, o cümlədən Türkiyə ilə birgə işləmək, gərginliyin yenidən artmasına yol verməmək, Cənubi Qafqazda ümumi vəziyyəti sabitləşdirmək, Yerevan ilə Bakı arasında siyasi dialoqun nizamlanmasına fəal kömək etmək əzmindəyik”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.