SİYASƏT
RUSİYADA YAŞAYAN HƏMYERLİMİZ DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLÜB
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran rayonunun Cil kəndində anadan olmuş, hazırda Rusiyada yaşayan həmyerlimiz Nurulla Həbibov Voloqda vilayətinin elm və texnika üzrə mükafatına layiq görülmüşdür.
Voloqda Dövlət Texniki Universitetinin dosenti vəzifəsində çalışan soydaşımız bu mükafata elmi axtarışlarına, yol-inşaat materiallarının hazırlanması və sənaye tullantılarının zərərsizləşdirilməsində yeni metodların tətbiqinə görə layiq görülüb.
Azərbaycanlı ixtiraçı-alimə mükafatı təqdim edən vilayətin qubernatoru V.Pozqalyov elmi-istehsalat fəaliyyətində peşəkarlığına və yüksək səviyyəli mütəxəssislərin hazırlanmasında şəxsi töhfəsinə görə həmyerlimizə təşəkkür etmişdir.
Yol tikintisində yeni texnologiyaların tətbiqində azərbaycanlı alimin səmərəli axtarışlarını dəstəkləyən Voloqda Vilayəti Yol Tikinti Departamentinin rəhbəri B.Melnikov həmyerlimizlə əməkdaşlığı davam etdirəcəyini bildirmişdir.