SİYASƏT
RUSİYANIN AZƏRBAYCANDAKI SƏFİRİNİN MƏTBUAT KONFRANSI
Oktyabrın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabov Moskvadakı faciəli hadisələrlə bağlı mətbuat konfransı keçirmişdir. Səfirin sözlərinə görə, girovların azad olunması üzrə qərargah faciənin qarşısını almaq üçün bütün şərtləri qəbul etmiş və onları yerinə yetirməyə cəhd göstərmişdir. Lakin oktyabrın 26-da səhər terrorçular girovları güllələməyə başladıqdan sonra girovların azad edilməsi əməliyyatına başlanmışdır. Nikolay Ryabovun məlumatına görə, bu əməliyyat nəticəsində Bakı vaxtı ilə saat 15.00-dək həlak olmuş girovların sayı 76 nəfərə çatmışdır. O bildirmişdir ki, həlak olanlar arasında əcnəbi vətəndaşlar yoxdur.
Diplomat demişdir ki, bu faciədən sonra dünyanın terrorizmə münasibəti dəyişmişdir. Əgər əvvəllər bəzi ölkələr və beynəlxalq təşkilatlar terrorçuları “yaxşı” və “pis” terrorçulara bölürdüsə, indi bütün dünya həmin adamların əsl məqsəd və niyyətlərini gördü və faciəyə öz münasibətini bildirdi. Səfirin sözlərinə görə, ölkələr XXI əsrin əsas bəlası olan terrorçuluqla mübarizədə öz səylərini əlaqələndirməlidirlər. Bu gün quldur birləşmələrinin başçıları islamdan öz təcavüzkar əməllərini ört-bastır etmək üçün istifadə edirlər.
Diplomatik nümayəndəliyin başçısı bu çətin günlərdə Rusiyanı dəstəkləyən ölkələrə təşəkkür edərək, terrorizmlə mübarizədə qəti mövqe tutmuş Azərbaycan Prezidenti Heydər Əliyevə xüsusi minnətdarlığını bildirmişdir. O demişdir ki, Prezident Heydər Əliyev Azərbaycandakı çeçen mədəniyyəti mərkəzinin fəaliyyətinin dayandırılması barədə göstəriş vermişdir. Səfir Rusiyada antiqafqaz əhval-ruhiyyəsinin artması ehtimalı barədə jurnalistlərin suallarına cavabında bildirmişoir ki, Rusiya çoxmillətli ölkədir və burada bütün vətəndaşların hüquqlarına riayət olunur. O, xüsusilə vurğulamışdır ki, bütün cinayətkarlar kimi, terrorçuların da milliyyəti yoxdur.