SİYASƏT
RUSİYA ƏRAZİSİNDƏ OLAN ƏCNƏBİLƏRƏ MİQRASİYA KARTLARININ VERİLMƏSİ DAYANDIRILDI
Rusiya ərazisində müvəqqəti olan əcnəbi vətəndaşlara ölkənin viza və qeydiyyat şöbələrində miqrasiya kartlarının verilməsi oktyabrın 1-dən dayandırılmışdır. İndi “miqrant pasportu”nu sərhədi keçərkən ancaq sərhəd məntəqələrində almaq olar.
RF xarici işlər nazirinin müavini Aleksandr Çekalin izah etmişdir ki, bu tarix təsadüfən seçilməyib, çünki ölkəyə iş dalınca gələn əcnəbi fəhlələr evə məhz payızda qayıdırlar. Sonra geri qayıtmaq istəyən fəhlələr miqrasiya kartlarını ölkəyə daxil olanda ala bilərlər.
Miqrasiya kartları Rusiyaya gələn əcnəbi vətəndaşların qeydiyyatını aparmaq məqsədi ilə tətbiq edilmişdir. Bu kartlara əcnəbinin olduğu yer, məşğuliyyət növü və yerdəyişmələri yazılır.
RF DİN-in məlumatına görə, indiyədək ölkədə təxminən 8,5 milyon miqrasiya kartı verilmişdir.