SİYASƏT


RUSİYA TƏHLÜKƏSİZLİK ŞURASI AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDAN RAZIDIR

Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo ilə də görüşmüşdür.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə RF Təhlükəsizlik Şurasının katibi son vaxtlar Azərbaycanla Rusiya arasında dinamik inkişaf edən və bütün Qafqazda sabitliyin möhkəmlənməsinə kömək göstərən ikitərəfli münasibətlərin səviyyəsindən razı olduğunu bildirmişdir. V.Ruşaylo demişdir ki, Azərbaycan-Rusiya münasibətlərində yeni keyfiyyət əldə olunmuşdur və bu, ilk növbədə, Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti Heydər Əliyevin siyasi iradəsi sayəsində mümkün olmuşdur. İkitərəfli münasibətlərin möhkəm əsasını məhz onlar qoymuşlar. Biz əminik ki, yüksək səviyyəli görüşlər gələcəkdə də qarşılıqlı münasibətlərimizin istiqamətlərini müəyyənləşdirəcəkdir.

Rusiya Təhlükəsizlik Şurasının katibi indiki Prezident İlham Əliyevlə seçkilər ərəfəsindəki görüşünü böyük səmimiyyətlə xatırlamışdır. O, azərbaycanlı həmkarları ilə yaranmış etibarlı münasibətləri də xüsusi vurğulamışdır. Vladimir Ruşaylo demişdir: “Biz Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə daim əlaqə saxlayırıq və belə səmərəli əlaqələrin davam etdiriləcəyinə ümid bəsləyirik”.

Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev bildirmişdir ki, Prezident İlham Əliyev müstəqil Azərbaycanın siyasi xəttini, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xətti davam etdirəcəkdir. Prezident Heydər Əliyev ilə Prezident Vladimir Putin arasında dialoq sayəsində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır və Azərbaycan bunu yüksək qiymətləndirir.

Tərəflər regional təhlükəsizlik problemlərinə də toxunmuş, Gürcüstandakı vəziyyəti müzakirə etmişlər. Qeyd olunmuşdur ki, bütün qonşu dövlətlər Gürcüstanda vəziyyətin sabitləşməsində maraqlıdırlar, çünki bu, bütün regionun sabitliyi və təhlükəsizliyi üçün vacibdir.

V.Quliyevin dediyinə görə, ölkəmizin əsas narahtlığı bununla izah olunur ki, “Gürcüstan Azərbaycanın qonşusu və strateji tərəfdaşıdır, bir sıra iqtisadi və enerji layihələrini birlikdə həyata keçiririk. Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlıların taleyindən də narahatdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.