Rafael Qrossi Zaparojye AES yaxınlığında döyüşlərin aktivləşməsindən narahatdır
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Hərbi əməliyyatların davam etməsi fonunda Zaparojye atom elektrik stansiyasında təhlükəsizliyin təmin olunması ilə bağlı vəziyyət yaxşılaşmır.
AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi stansiyaya səfərinin yekununda səsləndirib.
“AES-in yerləşdiyi rayonda hərbi əməliyyatlar şiddətlənir. Stansiyanı hər hansı hücumdan qorumaq üçün mümkün olan tədbirlər görülməlidir. Mən bütün tərəflərlə razılaşdırıla biləcək realistik tədbirlər hazırlamağa çalışıram. Radioloji nəticələrə səbəb olacaq nüvə qəzası heç kimə rəhm etməyəcək. Biz bundan yayınmalıyıq”, - deyə Rafael Qrossi jurnalistlərə bildirib.
Qeyd edək ki, martın 29-da günorta saatlarında Rafael Qrossinin rəhbərlik etdiyi BAEA-nın 18 nəfərlik nümayəndə heyəti Zaparojye AES-ə gəlib. Səfərin məqsədi nüvə təhlükəsizliyi sahəsində vəziyyəti qiymətləndirmək və stansiyada agentliyin mütəxəssislərinin müntəzəm rotasiyasını təmin etməkdir.
Xəbərin mətnində orfoqrafik səhv var