İDMAN
“Real Madrid” klubu İspaniya La Liqasına uğurla start verib
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 19-da İspaniya çempionatın birinci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Real Madrid” klubu doğma meydanda “Xetafe” kollektivini qəbul edib. Oyunun favoriti sayılan madridlilər qarşılaşmanın 20-ci dəqiqəsində hesabı açıblar. Qaret Beylin başlatdığı hücumu Dani Karvaxal dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qoldan sonra irəli atılan “Kral klubu” rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, ilk hissədə hesab dəyişməyib.
Qarşılaşmanın 51-ci dəqiqəsində “Real Madrid” hesab arasındakı fərqi iki topa çatdırıb. “Xetafe”nin müdafiəçisi Djene Dakonamın kobud səhvini Qaret Beyl bağışlamayıb - 2:0. Bu, oyunda sonuncu qol olub.
Günün digər matçlarında “Ueska” səfərdə “Eybar”ı 2:1, “Sevilya” isə “Rayo Valyekano”nu 4:1 hesabları ilə məğlubiyyətə uğradıblar.
Bu gün çempionatda “Valensiya” – “Atletiko Madrid” qarşılaşması baş tutacaq. Birinci tura isə avqustun 21-də keçiriləcək “Atletik Bilbao” – “Leqanes” oyunu ilə yekun vurulacaq.