İDMAN
“Red Bull Racing” komandası artıq Bakıdadır
Bakı, 16 iyun, AZƏRTAC
“Red Bull Racing” komandasının ulduz pilotları Daniel Rikkardo və Maks Verstappen Formula-1 Avropa Qran-prisində iştirak etmək üçün Bakıya gəliblər. “Red Bull Racing” komandasının sürücüləri M.Verstappenin və D.Rikkardonun dördüncü və yeddinci olduqları həyəcanlı Kanada Qran-prisindən sonra indi bütün diqqət Bakı şəhər halqasının fəthinə yönəlib.
AZƏRTAC xəbər verir ki, çalışqan komandaya, güclü pilotlara malik olan və Kristian Horner tərəfindən idarə edilən “Red Bull Racing” 2005-ci ildəki debüt çıxışından sonra Formula-1 üzrə dünya çempionatlarında dörd dəfə qalib gəlib. Komandanın nailiyyətlərinə aşağıdakılar daxildir: 4 dəfə dünya çempionluğu, 51 qələbə, 58 poul vəziyyəti, 122 podium, 48 ən sürətli dövrə.
Ölkəmizlə bağlı ilk təəssüratlarını bölüşən D.Rikkardo deyib: “Bakı ilə bağlı ilk təəssüratım odur ki, şəhərin bu qədər böyük olacağını gözləmirdim. Bu gün həm halqa, həm də şəhərlə daha yaxın tanış olacağıq. Bildiyimə görə, yarış zamanı hava yaxşı olacaq və bu, o deməkdir ki, bizi gözəl həftəsonu gözləyir”.
Formula-1 tarixində ən gənc sürücü olan M.Verstappen də yarış barədə danışarkən deyib: “Bakı şəhər halqası Formula-1 dünyasında yeni trasdır və biz onu yalnız simulyatorda nəzərdən keçirmişik. Trası bolidlə sınaqdan keçirib, treklə yaxından tanış olmaq üçün səbirsizliklə yarışı gözləyirik”.
Bakı şəhər halqası Formula-1 yarışına bilet alan şəxslərə əyləncə dolu dörd gün bəxş edəcək. Bakı bulvarı boyunca əyləncə zonaları, avtoqraf sessiyaları və Pitleyn gəzintiləri, eləcə də dünya şöhrətli müğənnilər Kris Braunun, Enrike İqlesiasın və Farrel Uilliamsın konsertləri Bakı Qran-prisinin tamaşaçılarına unudulmaz anlar yaşadacaq.