REGİONLAR
Regionlarda sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq üzrə təlimlər keçirilib
Bakı, 20 noyabr, AZƏRTAC
Müvəkkil Hüquq Mərkəzi Bərdə və Tərtər rayonlarında “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda təlimlər keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutan təlimlərdə 24 sahibkar iştirak edib.
Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov layihə haqqında geniş məlumat verib, son dövrlər sözügedən mövzunun aktuallığına diqqət çəkib.
Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və "Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzularında aparılıb.
Təlimlərin ikinci - praktik hissəsində isə treninq iştirakçıları 2 qrup üzrə komanda çalışmalarında iştirak edib, təqdimatlar hazırlayıblar. Təlimlərin sonunda kəndli fermer təsərrüfat rəhbərləri və fərdi sahibkarların qarşılaşdığı problemlərlə bağlı hüquqi yardımlar göstərilib və tövsiyələr verilib.
Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.