İQTİSADİYYAT
Regionların sosial-iqtisadi inkişafı dövlətin prioritet vəzifələrindən biridir - Ekspert

Bakı, 9 iyun, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün ən aktual məsələlərdən biridir. Bu istiqamətində həyata keçirilən sistemli addımlar uğurla davam etdirilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün şəhər və rayonlarının simasının əsaslı şəkildə yenilənməsini təmin etməklə, hərtərəfli inkişafını gücləndirib. Bu baxımdan ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı siyasi kurs dayanır. Məqsəd regionlarda emal sənayesi, xüsusən də yüksək texnologiya əsaslı sənaye sahələrinin inkişafı və regionlarla paytaxt arasında qeyri-bərabər inkişafın minimuma endirilməsidir: “Bu baxımdan regionla paytaxt arasında qeyri-bərabər inkişafın minimuma endirilməsi qarşıya qoyulmuş əsas hədəflərdən biridir. Digər tərəfdən regionlarda işsizliyin azadılması, gənc kadrların regionlarda işləməyə meyilliyin artırılması, ölkədaxili miqrasiyanın səviyyəsinin aşağı salınması da regionların inkişafında əsas rol oynayır”.
R.Atakişiyev vurğulayıb ki, bu istiqamətdə həm regionlarda infrastrukturun inkişaf etdirilməsi məsələsi də hazırda dövlətin prioritet vəzifələrindəndir. Bununla yanaşı, son dövrlərdə regionlarda xüsusi əhəmiyyət kəsb edən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının iqtisadi inkişafı məsələsidir ki, bu da ölkə iqtisadiyyatında əlavə potensialın artmasıdır.