ELM VƏ TƏHSİL
Rektor: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü soydaşlarımızın mənəvi ehtiyacına çevrilib
Bakı, 27 dekabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin müəllimləri, tələbələr və sənət adamları iştirak ediblər.
Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva vurğulayıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün xaricdə yaşayan soydaşlarımızın mənəvi ehtiyacına çevrilib. Həmin günün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığını deyən rektor diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin bu müdrik siyasəti hər bir soydaşımıza başucalığı gətirir. N.Əliyeva deyib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün soydaşlarımız tərəfindən hər il təntənə ilə qeyd olunur. Ulu Öndər tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi xaricdəki soydaşlarımız arasında milli birliyin daha da güclənməsinə təkan verib”.
N.Əliyeva vurğulayıb ki, bu əlamətdar gün dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün önəmli amildir. Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir. Dünyada yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğı nəticəsində xaricdəki həmvətənlilərimiz birlik, həmrəylik və müstəqil Azərbaycanın təbliği işinə layiqli töhfələr verirlər. Bu istiqamətdə görülən işlər sayəsində mühüm nailiyyətlər əldə edilib.
Rektor tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıb.
Tədbir bədii hissə ilə davam edib.