ELM VƏ TƏHSİL
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov məzunlarla - Fizika fakültəsinin müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində fizika müəllimliyi ixtisası üzrə 57 bal toplamış Günay Məstəliyeva və Riyaziyyat fakültəsinin informatika müəllimliyi ixtisası üzrə 56 bal toplamış Könül Əkbərova ilə görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor məzunları təbrik edərək onlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, onların əldə etdikləri yüksək nəticələr ADPU-nun nüfuzuna müsbət təsir edir. Bizim əsas məqsədimiz Azərbaycan məktəblərini yüksək səviyyəli pedaqoji kadrlarla təmin etməkdir.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov və Riyaziyyat fakültəsinin dekanı vəzifəsini icra edən dosent Araz Fərəcov məzunları təbrik edərək onlara daha böyük uğurlar arzulayıblar.
Günay Məstəliyeva və Könül Əkbərova müsabiqənin tam şəffaf və obyektiv keçdiyinə, müəllim olmaq istəyən şəxslərə bilik səviyyələrini nümayiş etdirmək üçün lazımi şərait yaradıldığına görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər. Onlar, həmçinin göstərilən diqqətə görə ADPU-nun rəhbərliyinə minnətdarlıq edərək həmişə məzunu olduqları universitetin adını öz bilik və bacarıqları, müsbət fəaliyyətləri ilə doğruldacaqlarını vurğulayıblar.